A conference on Sustainable Development Goals will be held in Baku in September.
Sentyabrda Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə konfrans təşkil olunacaq. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Bakıda “İnteqrasiya, sürətləndirmə və siyasət dəstəyi” hesabatı üzrə keçirilən seminarda bu barədə məlumat verib. Bildirib ki, forumda "Davamlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair Bakı Prinsipləri"nin layihəsi təqdim olunacaq. Sənəd BMT ilə Azərbaycan münasibətlərinin əsasını təşkil edəcək. Qulam İshaqzainin sözlərinə görə, BMT ölkənin davamlı inkişafını dəstəkləmək üzrə böyük səylər göstərir. Təşkil edilən seminar Azərbaycan iqtisadiyyatının inkişafına dəstək verilməsinə istiqamətlənib. Azərbaycan həm mexanizmlər və siyasi iradə, həm də milli agentliyin yaradılması baxımından regionun lideridir. Bu istiqamətdə doğru məqsədlər və onlara nail olmaq yolları müəyyənləşdirilir. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, Azərbaycan BMT-nin yeni təşəbbüsünə də qoşulub: “Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair “Bakı prinsipləri” layihəsinin bu ilin sentyabrında Bakıda keçiriləcək konfransda qəbulu gözlənilir. Ölkəmiz “Bakı prinsipləri”nin qəbulunda maraqlıdır. Müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanda insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün atılan addımlar barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda yoxsulluq səviyyəsi dəfələrlə azalıb. 2003-cü illə müqayisədə hazırda ölkədə işsizlik faizi aşağı düşüb.