1.3.1 Proportion of the unemployed population receiving unemployment benefits, in percentage
Rəsmi statistikaya görə, 2010-cu ildən ötən dövr ərzində məşğulluq xidməti orqanlarında rəsmi işsiz statusu verilmiş şəxslərdən işsizlik müavinəti alanların sayındakı artım əvvəlki illərlə müqayisədə 2017-ci ildə daha çox olmuşdur. Nəticədə, ölkə üzrə işsizlik müavinəti alan işsiz əhalinin xüsusi çəkisi son yeddi ildə 17,90 faiz bəndi artaraq 18,12 faizə çatmışdır ki, bunlardan da kişilərin 19,38 faizi, qadınların isə 15,92 faizi işsizlik müavinəti alan işsiz əhali kimi müəyyən edilmişdir.

Hesablamalar göstərir ki, məşğulluq xidmətləri orqanlarında işsiz statusu alan şəxslərin sayı mütləq ifadədə 485 nəfər (kişilər üzrə 2517 nəfər artım, qadınlar üzrə 3002 nəfər azalma) azalsa da, işsiz statusu alan şəxslər arasında işsizliyə görə müavinət alanların sayı 6887 nəfər artaraq 2017-ci ilin sonuna 6974 nəfərə çatmışdır. Beləliklə, 2018-ci ilin əvvəlinə məşğulluq xidmətləri orqanlarında işsiz statusu almış 38481 nəfər əhalidən (bunlardan 63,7 faizi kişilər, 36,3 faizi qadınlar olmuşdur) işsizliyə görə müavinət alan kişilər 68,1 faiz, qadınlar isə 31,9 faiz təşkil etmişdir.