"Dayanıqlı inkişaf üçün enerji” beynəlxalq forumu keçirilib.
Azərbaycan 2030-cu ilədək qaz tullantılarını 35%-dək azaltmağı hədəfləyir. Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Bbakıda keçirilən “Dayanıqlı inkişaf üçün enerji” beynəlxalq forumunda belə deyib. Bildirib ki, Azərbaycan alternativ enerji mənbələrindən istifadə səviyyəsini artırmağı planlaşdırır. “Bizim energetika balansımızda bu gün 16%-ə yaxın alternativ enerji mənbələrinindən istifadədir. 2015-ci ilin göstəricilərinə diqqət yetirsək, təqribən 2 milyarda yaxın enerjini alternativ enerji mənbələri hesabına istifadə etmişik. Burada çaylar, külək stansiyaları, biokütlə öz yerini tutur. Bu, dünya ölkələri arasında pis göstərici deyil. Məqsədimiz 2020-ci ilə qədər enerji balansında 20%-əyaxın hədəfə çatılmasıdır”. Akim Bədəlov Azərbaycanda 2030-cu ilədək alternativ və bərpa olunan enerji mənbələrinin ümumenerji balansında payının 25%-ə çatdırılacağını bildirib. Forumda qeyd olunub ki, ölkədə 2005-2015-ci illərdə alternativ enerji sahəsinə 987,4 milyon manat həcmində vəsait yatırılıb. Bunun 83%-i dövlət, 17%-i isə özəl sektorun hesabına həyata keçirilib. Energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib ki, neft hasil edən digər ölkələrdən fərqli olaraq, Azərbaycan üçün neftin ucuzlaşması ilə bağlı çətinlik o qədər də kritik və qorxulu deyil. Onun fikrincə, bu, öncədən görülmüş tədbirlər, Dövlət Neft Fondunun yaradılması və qeyri-neft sektorunun inkişafı üçün görülən işlərlə bağlı olub. "Dayanıqlı inkişaf üçün Enerji" 7-ci Beynəlxalq Forumuna BMT-nin 70 üzv dövlətindən 400-dən artıq hökumət rəsmisi, beynəlxalq enerji ekspertləri, maliyyə və işgüzar sektorun nümayəndələri, elmi tədqiqatçılar, alimlər və ictimaiyyət nümayəndələri qatılıblar. Forum çərçivəsində oktyabrın 20-də “Bərpa olunan energetikanın inkişafı” beynəlxalq konfransı keçiriləcək.