Dayanıqlı İnkişaf Məqsədləri barədə qısa xülasə

Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq BMT Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli A/RES/70/1 nömrəli qətnaməsi ilə növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığını təmin edilməsinə təkan verəcək  17 məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyas: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” (bundan sonra - “Gündəlik 2030”) təsdiq edilmişdir. DİM-lərin özünəməxsusluğu onların bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. DİM-lər təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir. “Gündəlik-2030”la müəyyən edilmiş qlobal məqsəd və hədəflər dayanıqlı inkişafın bir-biri ilə vəhdət təşkil edən iqtisadi, sosial və ətraf mühit sahələrində tarazlı idarəetmənin həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən icrası zəruri hesab edilən kollektiv tədbirləri özündə əks etdirir. 

Heç kimin geridə qalmaması prinsipi üzərində dayanan bu məqsəd və hədəflər i) insanlıq naminə bütün formalarda və ölçülərdə yoxsulluğa, aclığa son qoymaq, insanların ləyaqətlə və bərabər şəkildə sağlam mühitdə öz potensiallarından istifadə etməsini, ii) planet naminə dayanıqlı istehlak və istehsal, təbii ehtiyatların dayanıqlı şəkildə idarə olunması və iqlim dəyişikliyi ilə bağlı təxirəsalınmaz tədbirlər görməklə, planetimizi korlanmadan qoruyaraq indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi, iii) tərəqqi naminə bütün insanların firavan və xoşbəxt həyat yaşamasını, iqtisadi, sosial və texniki tərəqqinin təbiətlə ahəngdarlığının təmin edilməsini, iv) sülh naminə qorxu və zorakılıqdan azad olan dinc, ədalətli və ayrı-seçkiliyə yol verilməyən cəmiyyətlərin dəstəklənməsi və v) tərəqqi naminə gücləndirilmiş qlobal həmrəylik ruhunda, ən yoxsul və ən zəiflərin ehtiyaclarına ayrıca diqqət yetirərək bütün ölkələrin, maraqlı tərəflərin və insanların iştirakı ilə dayanıqlı inkişaf üçün qlobal tərəfdaşlığın yenidən canlandırılması və tələb olunan vasitələrin səfərbər edilməsini nəzərdə tutur.

“Gündəlik-2030”dan irəli gələn vəzifələr dayanıqlı inkişaf üzrə yeni milli strategiyaların, proqramların və fəaliyyət planlarının hazırlanmasını, yüksək keyfiyyətli, aktual, etibarlı və daha müfəssəl məlumatların əldə olunması məqsədilə statistika potensialının gücləndirilməsini, milli şərait və prioritetlərə uyğun olaraq vətəndaş cəmiyyəti, dövlət və özəl sektor, habelə digər maraqlı tərəflərin cəlb edilməsi ilə dayanıqlı inkişaf sahəsində əldə olunacaq tərəqqinin izlənməsinə imkan verən səmərəli, sistemli və müntəzəm qiymətləndirmə mexanizminin formalaşdırılmasını zəruri edir.

“Gündəlik-2030”un icra vəziyyətinin monitorinq və qiymətləndirilməsi ilə əlaqədar BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında 244 göstəricidən ibarət ilkin qlobal göstəricilər sistemi müəyyən edilmiş və BMT Baş Assambleyasının 90-cı plenar sessiyasının 6 iyul 2017-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir.