2022-ci il iyun ayının 28-də Dövlət Statistika Komitəsinin inzibati binasında statistik məlumatların istifadəçiləri ilə “Dayanıqlı inkişaf statistikası sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda görüş keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin əməkdaşları “Dayanıqlı inkişaf statistikası sahəsində mövcud vəziyyət, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr”, “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) göstəriciləri üzrə məlumat istehsalının təmin olunmasında dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq” mövzusunda təqdimatlarla çıxış edərək iştirakçıları DİM statistikasının təşkili, bu sahədə əldə olunmuş nailiyyətlər, rast gəlinən çətinliklər və problemlər, həyata keçirilməsi planlaşdırılan tədbirlər, DİM göstəriciləri üzrə məlumatların hazırlanmasında digər qurumlarla, o cümlədən beynəlxalq təşkilatlarla birlikdə görülmüş işlər və s. məsələlərlə bağlı məlumatlandırmış, onları maraqlandıran sualları cavablandırmışlar.