Azərbaycan Respublikasının Konstitusiyasından çıxarış

Maddə 35. Əmək hüququ

I. Əmək fərdi və ictimai rifahın əsasıdır.
II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
III. Heç kəs zorla işlədilə bilməz.
IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət zamanı və hәrbi vəziyyət vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.
VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.
VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.